FHN-nin sektor müdiri: “14 185 ailənin mülkiyyət problemi qısa müddətdə həll edilib”

FHN-nin sektor müdiri: “14 185 ailənin mülkiyyət problemi qısa müddətdə həll edilib”
# 01 iyul 2019 17:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyevin APA-ya müsahibəsi

- Bəxtiyar müəllim, bu ilin fevral ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalanıb. Fərmanın imzalanmasını zəruri edən hansı amillər oldu?

- SSRİ süqut edən ərəfədə bir çox müəssisələrin, o cümlədən də mənzil tikintisi ilə məşğul olan müəssisələrin fəaliyyəti iflic olmuşdu. Bu gün istismara qəbul edilən elə yaşayış binaları var ki, onların tikintisinə keçən əsrin 80-ci illərində başlanılıb və SSRİ-nin süqutu ilə 90-cı illərin əvvəllərində onların tikintisini yarımçıq qalıb. Lakin sonradan bəzi belə kateqoriyalı binalarda işlər sakinlərin öz vəsaiti hesabına aparılıb, işlər qismən tamamlanıb. İnsanlar faktiki olaraq həmin binalar istismara qəbul olmadan orada məskunlaşıblar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanda da qeyd olunduğu kimi, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. İlkin olaraq müvafiq qurumlar tərəfindən istismarına icazə verilməyən yaşayış binalarının siyahıları müəyyən edilib. Bu günə olan məlumat əsasən, Azərbaycanda istismarına icazə verilmədən insanların məskunlaşdığı çoxmənzilli yaşayış binalarının və yaxud da komplekslərin sayı 470-dir.

- İstismarına icazə verilməyən binaların nə qədəri Bakı, nə qədəri regionların payına düşür?

- Mövcud siyahı üzrə 470 binadan 413-ü Bakı ərazisində yerləşir. Yerdə qalan 57 bina isə Abşeron rayonunda, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindədir. Bu günə olan son məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən 85 binanın-kompleksin istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verilib. Bu binalarda 14 185 mənzil var. 14 185 ailənin illərdir həllini tapmayan mülkiyyət problemi qısa müddətdə həllini tapıb. Müsbət rəy verilmiş binalarda mənzillərin sahəsi 1 milyon 400 min kvadrat metr təşkil edir. Unutmayaq ki, biz hələ işin başlanğıcındayıq. Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi müvafiq rəy Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına təqdim edildikdən sonra, bir neçə gün ərzində binaların istismarına icazə sənədi Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq strukturu tərəfindən, bir çox hallarda səyyar xidmət göstərilməklə, vətəndaşlara çıxarışlar verilir.

- Fərmanda FHN-ə iki ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin istismara hazırlığı baxımından müayinə etməsi barədə tapşırıq verilib. FHN tərəfindən müayinələr zamanı çoxmənzilli yaşayış binalarında hansı nöqsanlar aşkarlanıb?

- Bəzi hallarda yaşayış binalarını inşa edən iş adamları öz öhdəliklərini sakinlər qarşısında tam olaraq yerinə yetirməyiblər. Digər tərəfdən, onu qeyd etməliyəm ki, bir sıra kooperativ yaşayış binalarının bu gün sahibləri yoxdur. Müəssisə ləğv edilib, bina sahibləri vəfat edib. Nəticə etibarı ilə binada yaşayan sakinlər problemlərlə üzbəüz qalıblar. İkinci tərəfdən, Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl tikintisi aparılmış binalarda, bir çox halda, sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Bu günə olan məlumata əsasən 350-yə yaxın yaşayış binasında çatışmazlıqlar qalmaqdadır. Təqribən 200-ə yaxın bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir. Bu binalarda yanğın təhlükəsizliyi qaydalarına tam və yaxud qismən riayət olunmayıb. Qeyri-yaşayış sahələrində də müvafiq təhlükəsizlik tədbirləri görülməyib. Bildiyiniz kimi, çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin zirzəmi hissələrində avtodayanacaqlar yerləşir. Avtodayanacaqlar da potensial təhlükə mənbəyidir. Təsəvvür edin, avtodayanacaqda saxlanılan avtomobillərin birində yanğın baş versə, nələr baş verə bilər. Bunun üçün yanğın təhlükəsizliyi baxımından müvafiq tədbirlər həyata keçirilməli, yanğınsöndürmə, siqnalizasiya, tüstü sovurma sistemləri quraşdırılmalıdır. Binalar tikilib, iş adamı mənzilləri satıb, öz gəlirini götürüb və insanlar mənzillərdə məskunlaşsalar da, problemlər öz həllini tapmayıb.

Bundan əlavə, 70-yə yaxın binanın dayanıqlığının təsdiqi ilə bağlı zəruri sənədləşmə işi aparılır. Ola bilsin ki, onların bir hissəsində əlavə gücləndirmə işlərinin aparılması zəruri hesab edilsin. Bu sonda bilinəcək. Bu sahədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün imkanlarını səfərbər edib. Nöqsanlar aradan qaldırıldıqca, istismarına icazə verilən binaların sayı artmaqdadır. Fərmanın icrasına başlanıldığı andan bu günə kimi xeyli irəliləyiş əldə olunub, çatışmazlıqların sayı kəskin azalıb. Məsələn, Fərmanın icra olunduğu ilk aylarda yanğın təhlükəsizliyi ilə bağlı 50 binaya müsbət rəy verilmişdisə, bu gün 250-dən artıq binaya yanğın təhlükəsizliyi ilə bağlı müsbət rəy verilib. Liftlərlə də bağlı kifayət qədər problemlər mövcuddur. Respublika üzrə 41 binada 200-dən artıq lift yoxdur, yəni quraşdırılmayıb. Məlum məsələdir ki, liftlərin quraşdırılması kifayət qədər vəsait tələb edir. Bəzi sahibi olmayan binalarda bu problemin aradan qaldırılması sakinlərin imkanları xaricindədir. Bu məsələ açıq olaraq qalmaqdadır. Məsələnin həlli üçün bir neçə variant nəzərdən keçirilir.

- Mühəndis-kommunikasiya təminatı sistemləri ilə bağlı vəziyyət nə yerdədir?

- Təsəvvür edin bina tikilib, verilmiş texniki şərtdə 1600 KVA transformatorun quraşdırılması nəzərdə tutulub. Sifarişçi isə 1000 KVA transformator quraşdırıb. Arqument də belədir ki, bu transformator bəs edir. Aydın məsələdir ki, binada məskunlaşma 100 faiz olandan sonra, transformator yüklənəcək, bütün bina işıqsız qalacaq və yanğın təhlükəsi meydana çıxacaq.

“Azərişıq” ASC üzrə 40 binada, “Azəriqaz” İstehsalat Birliyi üzrə 77 binada, “Azərsu” ASC üzrə isə 47 binada problemlər hələ öz həllini tapmayıb. Cari ilin aprelin 30-da Fövqəladə Hallar Nazirliyində cənab nazir, general-polkovnik Kəmaləddin Heydərov bina tikintisi ilə məşğul olan iş adamları ilə görüş keçirib. Görüş zamanı qeyd olunan məsələlər geniş müzakirə olunub, müvafiq tövsiyələr verilib. Bundan əlavə, FHN rəhbərliyi səviyyəsində vətəndaşların mütəmadi qəbulları keçirilir, qəbullar zamanı qaldırılan məsələlər nəzarətə götürülür. Ümumilikdə 6 xidmət üzrə nöqsanların sayı kəskin azalıb. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində qərargah fəaliyyət göstərir. Bütün vətəndaşlar qəbul edilir, problemləri dinlənilir, bütün məsələlər nəzarətə götürülür və onun həlli istiqamətində dövlət orqanları öz üzərinə düşən işi yerinə yetirir. Nöqsanların qaldığı binaların sahiblərindən xahiş edərdim ki, Fərmandan istifadə etsinlər. Bu nöqsanları aradan qaldırmaq üçün onlara verilmiş şansdır. Fərmanın icrası başa çatandan sonra, məsuliyyət onların üzərində qalacaq. Hamı bilir ki, hansı binanı kim tikib və orada hansı problemlər mövcuddur. Heç kəs düşünməsin ki, sifarişçisi, sahibi olan binaların problemlərini dövlət öz üzərinə götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR