Gəncədə 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTO

Gəncədə 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTO
# 27 sentyabr 2023 20:21 (UTC +04:00)

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.

APA xəbər verir ki, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının general-mayoru Vasif Kazımov, Quru Qoşunlarının general-mayoru İslam Əmirağayev, Türkiyənin Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Baş keşişi, Gəncədəki Yahudi Dini İcmasının sədri, məhkəmə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncənin Şəhidlər xiyabanında gerçəkləşən tədbirdə əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və general-mayor Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, mindən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb. Gəncə şəhəri Vətən müharibəsi dövründə isə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib. Mərasimdə o da qeyd olunub ki, 2023-cü il sentyabr ayının 19-da Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı 23 saat 43 dəqiqə çəkib, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa məcbur olublar. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini bərpa edib!

Tədbirdə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.

Bununla yanaşı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəbdən qələbəyə” adlı yürüş təşkil olunub.

Silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı aksiyada şəhərin iqlim şəraitinə uyğun olan ağaclar əkilib.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR