Hərbi Prokurorluqda Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Hərbi Prokurorluqda Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
# 24 iyun 2024 16:35 (UTC +04:00)

İyunun 24-də Silahlı Qüvvələr günü münasibətilə Hərbi Prokurorluqda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər və 17 nəfər Vətən müharibəsi qəhrəmanı ilə görüş keçirilib.

Bu barədə APA-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbir iştirakçıları Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrini anıb, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirakçıları, bütün qaziləri və şəhid ailələrini Silahlı Qüvvələr günü münasibətilə təbrik edib.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokuror Xanlar Vəliyev deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

Xatırladılıb ki, qeyd edilənlər hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub.

Çıxış edənlər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə və antiterror əməliyyatlarında Hərbi Prokurorluğun özünəməxsus rolundan, onun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirakçılarına, o cümlədən Vətən müharibəsi qəhrəmanlarına, qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə, kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev Vətən müharibəsi qəhrəmanlarına hədiyyələr təqdim edib. Qəhrəmanlar isə görüşdən məmnunluqlarını ifadə etdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR