Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ukrayna Respublikasında yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyinin direktoru Valentina Antonenko və İrpen şəhər Təhsil İdarəsinin əməkdaşı Oksana Zubenko Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Ukraynalı qonaqlarla yanaşı Bakıda yerləşən Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova və SOCAR-ın nümayəndəsi Vüsal Əhmədov da Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinə gəliblər.
Qonaqlar əvvəlcə akademikin - məktəbin foyesində yerləşən büstünü ziyarət edib, qarşısına tər güllər düzüblər. Məktəbdə yerləşən alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər.
Məktəbin müəllim kollektivi ilə görüşdə Valentina Antoninko bildirib ki, 15 ildir ki, məktəbləri akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də akademik Zərifə xanımın adını daşıyır. Vurğulayıb ki, məktəbdə 2500 şagird təhsil alır. Bildirib ki, bu ildən liseylərində Azərbaycan dilində də dərs keçirməsinə başlanılıb.
Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktbi arasında “Dostluq körpüsü” adlı əməkdaşlıq müqaviləsi imzalanıb.