Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvüdür və davamlı olaraq dağ-mədən sənaye fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.
APA xəbər verir ki, bunu “Environmental protection first” koalisiyasının həmtəsisçisi Sabit Bağırov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bütün dünyada mədən əməliyyatları ətraf mühitə çox əhəmiyyətli mənfi təsirlə müşayiət olunur və bu baxımdan Ermənistan da istisna deyil. Belə ki, Ermənistanda ekoloji təşkilatların və ərazidə yaşayan əhalinin mədən müəssisələrinin fəaliyyətinə dair etirazları zaman-zaman geniş vüsət alır: “Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır. Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir. Eyni zamanda, Ermənistanın mədən şirkətlərinin yerləşdiyi ərazilər Qarabağla sərhədə yaxındır. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərinə qayıdır, əhalinin sağlam ətraf mühitdə yaşaması üçün isə Ermənistan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.
O əlavə edib ki, Ermənistanda dağ-mədən sənayesi üzrə 26 şirkət fəaliyyət göstərir: “Müəssisələrin ekoloji şəffaflığının artırılması bizim üçün vacibdir. Transsərhəd çevrənin, o cümlədən çayların çirkləndirilməməsi olduqca ciddi təhdid təşkil edir. Bu, azad edilmiş bölgələrə, doğma yurdlarına dönən və dönəcək insanlarımızın sağlamlığı, flora və faunanın qorunması deməkdir. Bölgədə istehsal olunan aqrar məhsulların təhlükəsizliyi də bu səbəblərə görə təhdid altında qalır”.