Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva oktyabrın 10-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.
Bu barədə APA-ya IDEA İctimai Birliyindən məlumat verilib.
Qeyd edək ki, Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.
Öz növbəsində, layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.
Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.
Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.