Mədəniyyət Nazirliyi yeni radio layihələrinə başlayır

Mədəniyyət Nazirliyi yeni radio layihələrinə başlayır
# 25 iyun 2024 09:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Pro Media Group” MMC-nin təşkilatçılığı ilə yeni radio layihələrinə start verilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, birgə əməkdaşlıq nəticəsində “Azərbaycan dili”, “Mədəni irsimiz” və “Mədəni afişa” rubrikaları, eləcə də “Sənətin səsi” verilişi dinləyicilərə təqdim edilir.

“Retro FM” (93.3 FM) radiostansiyasında yayımlanan “Mədəni irsimiz” rubrikasında nəsildən-nəslə ötürülən mədəni irs nümunələrimiz, paytaxt Bakıda, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında yerləşən tarix-memarlıq və mədəniyyət abidələri, binaları haqqında məlumat verilir.
“Avto FM” (107.7 FM) və “Retro FM” (93.3 FM) dalğalarında yayımlanan “Mədəni afişa” rubrikasında Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram, Milli Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ və Şuşa Dövlət Musiqili Dram teatrlarının səhnəsində nümayiş olunacaq tamaşalar haqqında məlumat diqqətə çatdırılır.

“Avto FM”, “Retro FM” və “Hit FM” (97.7 FM) radiostansiyalarında yayımlanan “Azərbaycan dili” rubrikasında Azərbaycan dilinin leksik, qrammatik qaydalarına uyğun düzgün yazılış və tələffüz normalarından bəhs olunur.

“Retro FM”in efirində həftəiçi 5 gün saat 13:00-14:00-da canlı yayımlanan “Sənətin səsi” verilişində isə milli musiqimizin inkişafında əvəzsiz xidmətləri olmuş bəstəkar, xanəndə, estrada və opera ifaçıları haqqında onların irsinin tədqiqatçıları, ailə üzvləri və tələbələri ilə müsahibələr təqdim olunur.
Təqdim olunan dörd layihə Azərbaycan mədəniyyəti və incəsənətinin daha geniş auditoriyada təbliğinə töhfə olmaqla yanaşı, auditoriyanın mədəniyyət tədbirlərinə, teatrlara, tamaşalara marağın artırılmasına da xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR