Mingəçevirdə audiovizual mediada ictimai maraqların qorunması ilə bağlı tədbir keçirilib

Mingəçevirdə audiovizual mediada ictimai maraqların qorunması ilə bağlı tədbir keçirilib
# 01 dekabr 2023 17:35 (UTC +04:00)

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Audiovizual Şuranın, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər. Tədbirin təşkil olunmasında məqsəd audiovizual yayımda qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində regional yayımçıları maarifləndirmək, bununla da audiovizual mediada ictimai maraqların qorunması işinə töhfə verməkdir. Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə regional medianın inkişafının vacibliyindən, regional yayımçıların öz fəaliyyətlərində ictimai maraqların qorunması məsələsini diqqətdə saxlamasının əhəmiyyətindən, bu məqsədlə Audiovizual Şuranın fəaliyyətindən danışıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov hər bir sahədə olduğu kimi, audiovizual media sahəsində də maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda maarifləndirici təqdimatla çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova audiovizual mediada ictimai maraqların qorunması sahəsində əsas diqqətin dezinformasiya ilə mübarizəyə yönəldilməsinin vacibliyini vurğulamış, media subyektlərinin sağlam mühitdə fəaliyyətinin təmin olunmasının zəruriliyini qeyd edib.

QHT nümayəndələri mediada ictimai maraqlar, uşaq hüquqlarının müdafiəsi və digər sosial-ictimai əhəmiyyət kəsb edən mövzulara toxunublar.
Görüşdə iştirak edən regional televiziya və radio yayımçılarının nümayəndələri bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıb, media savadlılığının və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda Audiovizual Şuranın nümayənədləri yayım zamanı ictimai maraqların qorunması və qanunvericiliyə əməl olunması istiqamətində yayımçıları maraqlandıran sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR