“Narkotiklərin dövriyyəsinə qarşı mübarizə daha da sərtləşməlidir. İranda narkotiklə bağlı yalnız edam cəzası var”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən hər gün külli miqdarda narkotik tutulur: “Bununla məşğul olan xeyli sayda insan həbs olunur. Hüquq-mühafizə orqanları xeyli iş aparır. Lakin artıq yeni texnologiyaya keçiblər, narkotiki dronlar vasitəsilə keçirirlər. Düzdür, bunun da qarşısı alınır, amma bu sahədə ciddi mübarizəyə ehtiyac var. Narkotik ölümdür. Ölkəmizə narkotik ən çox İrandan keçirilir. İranda isə narkotiklə bağlı bir cəza var - ölüm hökmü. Azərbaycanda ölüm cəzası yoxdur. Ancaq bununla bağlı maddənin daha da ağırlaşdırılması məsələsinə baxmalıyıq ki, narkotiklərin dövriyyəsi məktəblərə, digər strukturlara ayaq aşmasın, qarşısı alınsın. Bu, gözəgörünməz müharibədir. Bu müharibədə hamılıqla iştirak etməliyik”.