Kollec təhsili olan mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək

Kollec təhsili olan mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək
# 11 dekabr 2023 10:39 (UTC +04:00)

Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

"Biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqların inkişafını təmin edə bilmərik. Mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.

Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.

İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərinin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq" - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR