Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb:
“Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur”.
Nazir müavini əlavə edib ki, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: “Hazırda 73 mindən çox tələbə var, onların yarısından çoxu dövlət hesabına təhsil alır ki, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir”.
Nazir müavini vurğulayıb ki, ən aşağı təhsilhaqları xərcləri təhsil və iqtisadi sahələri üzrə olan ixtisaslardadır: "Ən yüksək təhsilhaqqı xərcləri isə mədəniyyət, incəsənət və tibb ixtisası üzrədir. Bu da başa düşüləndir. Çünki mədəniyyət ixtisas qrupunda qruplar formalaşan zaman digər qruplara nisbətdə olduqca aşağıdır. Tibb ixtisasında da avadanlıq və laboratoriyalar vəsait tələb edir".
İ.İsayev əlavə edib ki, ilin sonunadək artım üçün təxmini 26 milyon manat vəsait tələb olunacaq: "Növbəti ildə bu artımın maliyyə təminatı təxminən 84 milyon manat təşkil edəcək. Bu ilin və növbəti ilin dövlət büdcəsində artımlarla bağlı büdcə vəsaitləri nəzərdə tutulub".