Parlamentin komitə sədri məhkəmə hakimlərinin müstəqilliyinin artırılmasını vacib sayır

Parlamentin komitə sədri məhkəmə hakimlərinin müstəqilliyinin artırılmasını vacib sayır
# 23 fevral 2024 13:28 (UTC +04:00)

“Biz Məhkəmə-Hüquq Şurasına bir sıra səlahiyyətlər veririk. Ən böyük islahat həmin qurumun əvvəlki dövrdə olduğu kimi, Ədliyyə Nazirliyinə deyil, Ali Məhkəməyə tabe etdirilməsi, vakansiyalara sədrlərin təyini, məhkəmə aparatlarının strukturu və ştat cədvəli, 1-ci, apleyasiya və kassasiya instansiyalarının hakimləri haqqında intizam icraatına başlanması və sair səlahiyyətlər daxildir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

Zahid Oruc vurğulayıb ki, Vətən müharibəsində Qələbədən sonra bütün hakimiyyət orqanlarından, o cümlədən məhkəmə sistemindən gözləntilər artıb: “Təəssüf ki, hakimlərin müstəqilliyindən danışılanda onların yalnız siyasi və inzibati orqanların, ictimai institutların, media və xarici təşkilatların müdaxiləsindən azad olunmasından danışılır. Halbuki bizim məhkəmələrdə 1-ci instansiya məhkəmə hakimləri sədrlərdən, onlar da öz növbəsində yuxarı məhkəmələrdən hər gün daha çox asılı edilir və beləliklə, gücləndirilən mərkəzləşmə üç pilləli mühakimə təsisatını faktiki bir pilləli məhkəmə sisteminə çevirib. Məgər məhkəmə sistemində ierarxiya ləğv olunub və bütün mülki, inzibati, yaxud cinayət işləri üzrə qurumlar vahid hərbi sistemə keçib? Onda kim zəmanət verir ki, bir Ali Məhkəmənin məhdud tərkibli heyətinin diktatı 540-dan artıq hakimin iradəsini, hüquqi peşəkarlığını və apardıqları araşdırmaları əvəz edə, daha ədalətli qərarlar çıxara bilər? Heç kəs ona təminat verə bilməz. Ona görə də məhkəmələrin ictimai nüfuzu yüksək deyil və bu ədalət mühakiməsinə ictimai inamı göstərən ən mühüm göstəricidir”.

Deputat qeyd edib ki, Ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 45 ölkə arasında apardığı araşdırmaya görə, Azərbaycanda hər vətəndaşa ayrılan məhkəmə xərcləri 2020-ci ilin nəticələrinə görə ÜDM-in 0.44 faizinə, yəni, 10 min avrodan aşağı ölkələr qrupuna aiddir: “Baxmayaraq ki, yeni məhkəmə binalarının, maddi-texniki bazanın, informasiya resurslarına çıxışın təmin olunması müsbət hadisədir, lakin əsas problem-əhalinin 100 min nəfərinə düşən ümumavropa göstəricisi olan 20 hakim əvəzinə bizdəki 6 nəfərlik tərkiblə və cəmisi 578 hakimlə 10 milyon 200 nəfərlik əhalinin, 100 minlərlə iddia yükünün, keyfiyyətli hüquqi araşdırmaların həyata keçirilməsi çox çətindir. Halbuki hər 100 min nəfərin məhkəmə iddialarına baxılması və həlli üçün ağlabatan müddət 8 iş saatı, 5 iş günü və 21 hakimdən ibarətdir. Gördüyünüz kimi, biz həmin göstəricidən 3.5 dəfə geri qalırıq. Nəinki qeyri-peşəkarlar və məhkəmə tərəfləri, o cümlədən, vəkillər, hüquq məsləhətçiləri, 3-cü sektor arasında sorğular məhkəmələrə inam faizinin aşağı olduğunu göstərir. Ali Məhkəmənin bir hakiminin rəsmi açıqlamasına görə, inzibati məhkəmələrdə çıxarılan qərarların 85 faizi vətəndaşların xeyrinə olur. Bu o deməkdir ki, icra və idarəetmə orqanları vətəndaşların hüquqi mənafelərini pozmasalar, o zaman belə kütləvi müraciətlər də baş verməz və hakimlərin iş yükü də qat-qat azalar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR