QHT rəhbəri: Berlində "Arsax"la bağlı yersiz tədbiri keçirməklə sülh danışıqlarına zərbə vurmağa cəhd edirlər

QHT rəhbəri: Berlində "Arsax"la bağlı yersiz tədbiri keçirməklə sülh danışıqlarına zərbə vurmağa cəhd edirlər
# 05 mart 2024 12:19 (UTC +04:00)

Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru Quntram Volfa və Konrad Adenauer Fondunun sədri Norbert Lammertə açıq məktubla müraciət ünvanlamışıq. Biz onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırırıq.

Bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, açıq məktubda bu tədbirin keçirilməsinin qərəzli və yersiz addım olduğu adıçəkilən şəxslərin diqqətinə çatdırılıb.

“Qarabağda Azərbaycanın mədəni irsi dağıdılıb, mədəniyyət abidələri məhv edilib. Azərbaycan xalqının heysiyyətini təhqir etmək, alçaltmaq üçün məscidlərdə mal-qara, donuz saxlanılıb. Bu tədbirin təşkilatçıları bütün bunlara göz yumublar. İndiyə qədər bununla bağlı nə bir dinləmə keçiriblər, nə də hesabat hazırlayıblar”, - QHT sədri bildirib.

Hafiz Səfixanov qeyd edib ki, erməni silahlı qüvvələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir milyondan çox mina və partlamamış hərbi sursat basdırıb və sözügedən tədbirin təşkilatçıları bu məsələyə də münasibət bildirməyiblər.

“Bu yaxınlarda Münxendə Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın liderlərinin görüşü keçirilib. Bundan sonra Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu görüşdən dərhal sonra Berlində belə bir tədbirin keçiriləcəyinə dair məlumat yayılıb. Sanki hansısa əl bu iki xalq arasında sülhün olmasını, onların dinc qonşuluq şəraitində yaşamasını istəmir. Bununla bir növ sülh danışıqlarına zərbə vurmağa cəhd edirlər. Ona görə də bax belə tədbirlərə əl atırlar. Biz də buna görə öz etirazımızı açıq məktubla bildirdik. Təşkilatçılardan tədbiri ləğv etmələrini və Azərbaycan QHT-lərinin məktubuna münasibət bildirmələrini tələb edirik”, - Hafiz Səfixanov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR