Qubada “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
APA-nın Şimal bürosu xəbər verir ki, konfrans Kənd Təsrrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub. “Qlobal İqlim Dəyişikliklərinin Təsirlərinin Azaldılması və Uyğunlaşdırılması vasitəsilə Davamlı Kənd Təsərrüfatı İstehsalının Təmin Edilməsi” mövzusunda keçirilən konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus, Ukrayna kimi ölkələrdən müvafiq sahələrdə elmi fəaliyyət göstərən alim və mütəxəssislərin iştirak edib.
Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübələr mübadiləsindən ibarət olub. Bundan başqa, təşkilatçı institutlar ilə (Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu; “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ) müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi tədqiqat layihələrin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdən biri olub.
Konfransda çıxış edən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, qlobal iqlim dəyişikliyi meyvəçilik sahəsinə də öz təsirini göstərməyə başlayıb. O bildirib ki, bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşımızda duran əsas vəzifələrdən biridir.
“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin idarə heyətinin direktoru Elmar Allahverdiyev qlobal iqlim dəyişikliklərinə uyğunlaşma və təsirinin azalması məqsədilə elmi tədqiqat işlərinin aparılmasında yeni yanaşmalar tətbiq edilməyə başlanıldığını vurğulayıb. O əlavə edib ki, ənənəvi yetişdirmə üsullarından daha sürətli və effektiv olan genom məlumatlarından və molekulyar markerlərdən istifadə etməklə patogenlərə qarşı güclü müdafiə mexanizmləri inkişaf etdirilir.
Kofransda çıxış edənlər bu işlərin davamlı olması üçün yetişdirilən sortların keyfiyyəti artırılması və yüksək əlavə dəyəri olan məhsullar becərmə sistemlərinə daxil ediməli olduğunu xüsusi qeyd ediblər. Yeni tətbiqlərin mövcud bitki fiziologiyasına təsiri yaxşı təhlil edilməli və innovasiyalara uyğunlaşarkən bitki müxtəlifliyi də qorunub saxlanılmalıdır.
Bitki fiziologiyasında baş verən xəstəlik və zərərvericilərin zərərini azaltmağa və hətta aradan qardırmağa yönəlmiş tədqiqatlar çox vacibdir. Dünyada və respublikada mövcud su ehtiyyatlarının sürətlə azalması ilə kənd təsərrüfatı fəaliyyətində mümkün olan ən az suvarma ilə, su stresindən bitkiyə zərər vermədən xüsusilə məhsuldarlıq və keyfiyyət nəzərə alınmaqla, həyata keçirilə bilən modellər üzərində araşdırmalar aparılmalıdır. Bu səbəbdən bitkinin quraqlığa davamlılıq fiziologiyasını çox yaxşı başa düşmək vacibdir. Qlobal və yerli bazarlarda istifadə olunan sortların dəyişdirilməsi tədarükə mənfi təsir etdiyindən quraqlıq problemi ilə sortların dəyişdirilməsi ilə mübarizə aparmaq son dərəcə risklidir. Buna görə də, mövcud sortların quraqlığa davamlılığını artırmaq üçün yeni vegetativ calaqaltılardan istifadə etmək olar.