Şəhid ailələrinin mənzillə təminatı sahəsində qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb

Şəhid ailələrinin mənzillə təminatı sahəsində qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb
# 13 iyun 2024 11:40 (UTC +04:00)

Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı deyib.

Musa Quliyev bildirib ki, proses demək olar, yekunlaşmaq üzrədir:

“Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaqlar. Praktika göstərdi ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişibsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılır. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Bununla da statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.

Deputatın sözlərinə görə, eyni proses bir neçə hallarda şəhid ailələri arasında da müşahidə edilib:

“Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirsə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.

Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR