Sənan Paşayev: “Əməkdaşlarımız göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək”

Sənan Paşayev: “Əməkdaşlarımız göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək”
# 01 oktyabr 2023 16:40 (UTC +04:00)

Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Prokuroru və əməkdaşları oktyabrın 1-də Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən büstünün önünə gül dəstələri qoyublar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bundan sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasında Ulu öndər Heydər Əliyevin yeni qoyulmuş büstünün açılışı olmuş, gül dəstələri qoyulub.

Sonra 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokuroru III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev çıxış edərək prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini prokurorluğun yaranmasının 105-ci il dönümü münasibətilə təbrik edib.

Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.

Xüsusilə qeyd edilmişdir ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Sənan Paşayev çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında muxtar respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR