Bu gün 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında" qanunua zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirə keçirilib.
APA xəbər verir ki, ictimai müzakirə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və qeyri-hökumət təşkilatlarının iştirakı ilə təşkil olunub.
İctimai müzakirədə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, uzun illər Şərqi Zəngəzurda, Qarabağda törədilən ekosid hər kəsin gözü önündə baş verib: “Hazırda bu ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Amma təəssüflə qeyd etməliyəm ki, bu günlərdə vətəndaşlar tərəfindən həmin ərazilərə səfər zamanı təbiətin çirkləndirilməsinin şahidi oluruq. Bu məsələ ilə bağlı QHT-ləri də aktiv iştirak etməyə çağırırıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev isə ölkə ərazisində tullantıların idarə olunması ilə bağlı vəziyyət barədə məlumat verib: “Artıq 2021-ci ildən ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə tullantıların idarə olunması ilə bağlı xüsusi komissiya yaradılıb. Həmin komissiya tərəfindən tullantıların idarə edilməsi ilə bağlı qurumlara tapşırıqlar verilib. Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektor tərəfindən maraq var. Artıq qurumların özlərində də tullantılar çeşidlənir.
Tullantıların idarə edilməsi ilə bağlı Təmiz Şəhər ASC tərəfindən təkliflər yaradılan Komissiyaya təqdim olunub. Tullantıların idarə edilməsi ilə bağlı əsas məqsəd cəza tətbiqi deyil, maarifləndirməyə, ictimai qınağa da üstünlük verməkdir.”
Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı qeyd edib ki, tullantıların ərazilərdən daşınması məsələsində bələdiyyələr kənarda qalıb: “Qabaqdan COP-29 kimi böyük beynəlxalq tədbir gəlir. Ölkə ərazisində biz tullantıların idarə edilməsi məsələsində daha ciddi addımlar atmalıyıq. Paytaxtda və regionlarda tullantıların daşınması aşağı vəziyyətdədir. Mən hər səhər yaşadığım ərazidə zibilin iyinə oyanıram, hər axşam da o iylə yatıram. Bu ərazilərə nəzarət niyə yoxdur?!”
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirib ki, tullantıların idarə edilməsində qanunvericilikdə yeni müddəalar ehtiyac var: “Birincisi tullantıların azaldılması və yenidən emalının təşkili üçün daha effektiv mexanizmlər yaradılmalıdır. Onlara vergi güzəşti və digər güzəştlər tətbiq edilə bilər. İkincisi plastik tullantılara aid məhdudiyyətlərin qoyulması qanunla tənzimlənməlidir. Bir sıra məhdudiyyətlər qoyulsa da, onların praktikada tətbiqində çatışmazlıqlar var. Elektron tullantıların idarə edilməsi ən vacib istiqamətdir. Buna da diqqəti artırmaq lazımdır. Bölgələrdə tullantıların daşınması qanunda xüsusi əksini tapmalıdır. Cərimələrin artırılması mexanizmi gücləndirilməlidir”.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Qarabağa tullantıların atılması zamanı ictimai qınağın böyük gücə malik olmasının öz təsdiqini tapdığını diqqətə çatdırıb: “Bu məsələlərdə daha çox ictimai qınaq mexanizmi işə düşməlidir”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu kəndlərdə çaylara zibil atılması faktını qeyd edib: “Qeyri-hökumət təşkilatları bələdiyyələrlə birgə işləməlidir. Qonşu ölkələrdən bizə gələn çayların suları pis vəziyyətdədir. Biz bu məsələni də Gürcüstanın qeyri-hökumət təşkilatları ilə işləyə bilərik. Bu gün Prezident İlham Əliyev Filizçay yatağının istifadəsi üçün sərəncam imzalayıb. Bu işlər zamanı çox həssas davranılmalı, orada işlər aparanda meşələr qırılmamalıdır”.
Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova tullantıların idarə edilməsi işini icra və bələdiyyələrlə aparmalıyıq: “Qarabağda olan tullantılarla bağlı ekoloji təşkilatlara aksiyaların təşkil olunmasına şərait yaradılsın. Bu mənim təklifimdir”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, dayanıqlı qazanc olmayan sahələrdə inkişaf uğurlu olmur: “Tullantıların idarə edilməsi qonşu ölkələrdə inkişaf edir. Bizdə də inkişaf etməsi üçün qanunvericilikdə tənzimləmələr olmalıdır. Bütün hallarda QHT-lərin bu gün mediaya çıxma imkanları çox zəifdir. Bizim hazırladığımız roliklər vizual mediaya çıxmır. Sosial roliklərin pulsuz yayımlanması məsələsinə diqqət edilməlidir”.
“İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı qeyd edib ki, bu, bütün planeti narahat edən problemdir: “Bu gün bütün dünyada insanlar çirkli hava, çirkli su, çirkli qidayla üz-üzədir. Bu gün 20 Yanvar dairəsi acınacaqlı vəziyyətdədir. Balıq satılır, balığın suyu hər yerə axır. Ora bizim üçün müqəddəs yerdir. Şəhidlərimizin qanı ora axıb. Mənim oranın indiki vəziyyətinə ürəyim ağrıyır. Bu gün gələn turist Bakının mərkəzini görür, tərifləyir. Marşruta minib yuxarı çıxsalar, qəsəbələrə getsələr, dedikləri təriflərə heyfsilənərlər. Təmiz Şəhər ASC-dən xahiş edirəm bu ərazidə monitorinqlər keçirin”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Milli Məclisdə bu qanun layihəsinin müzakirəsi zamanı sanballı təkliflər olmalıdır: “Qanunun qəbulundan sonra qanunun işləməsi üçün dövlət qurumları laqeydlik göstərməməlidir. Eyni zamanda biz vətəndaşlar da bu məsələdə qanunun tələblərinə riayət etməliyik. Bu şəhər də, küçə də, rayon da bizimkidir”.
İctimai müzakirə qeyri-hökumət təşkilatı nümayəndələrinin çıxışları ilə davam edib.