UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan “Şuşada bitən yuxu” kitabının təqdimatı keçirilib

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan “Şuşada bitən yuxu” kitabının təqdimatı keçirilib
# 10 oktyabr 2024 18:05 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Teymur Məcidzadənin doğum günü münasibətilə şəhidə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının təqdimat mərasimi keçirilib.

Universitetdən APA-ya verilən xəbərə görə, tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov və universitet kollektivi ilə yanaşı, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, millət vəkilləri, şəhidin ailə üzvləri, yaxınları və digər qonaqlar iştirak ediblər.

Təqdimatdan öncə iştirakçılar UNEC-in şəhid olmuş tələbə və məzunlarının Xatirə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən UNEC rektoru professor Ədalət Muradov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin vətəninə, torpağına verdikləri dəyərdən söz açıb. Azərbaycanın bütövlüyü və azadlığı uğrunda UNEC-in 48 tələbə və məzununun şəhid olduğunu deyən rektor, dövlətimiz, xalqımız yaşadıqca, onların əziz xatirəsinin daima uca tutulacağını vurğulayıb. Rektor ölkə Prezidenti, Ai Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş qələbədən danışaraq, bu şanlı zəfərin arxasında xalqın birliyi ilə yanaşı, şəhid analarının fədakarlığının və yüksəkliyinin dayandığını da diqqətə çatdırıb.

Ədalət Muradov müharibənin bitməsinə və Azərbaycanın qələbəsinə bir gün qalmış şəhid olan Teymur Məcidzadəyə həsr edilən “Şuşada bitən yuxu” kitabının adının mistik məna daşıdığını, 30 il yuxularımızda gördüyümüz və xəyalı ilə yaşadığımız qələbəyə məhz Şuşa Zəfəri ilə qovuşduğumuzu diqqətə çatdırıb.

Teymur Məcidzadənin anası Yasəmən xanım övladının vətən sevgisindən danışaraq, onunla hər zaman qürur duyduğunu bildirib. Şəhidlərin xatirəsinin yad edilməsinin, əziz tutulmasının onların ailələri üçün böyük təsəlli olduğunu söyləyib.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə Vətən müharibəsində xalqımızı və dövlətimizi şanlı qələbəyə aparan yoldan danışıb. Adlarını zəfər tariximizə əbədi yazdıran Teymur Məcidzadə kimi qəhrəman oğulların həyat yolunun xalqımız üçün qürur mənbəyi, hər bir azərbaycanlı gənc üçün örnək olduğunu vurğulayıb.

Çıxışlardan sonra Teymur Məcidzadəyə həsr olunmuş videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, UNEC Yaradıcılıq Mərkəzinin Bədii Qiraət dərnəyinin üzvləri olan tələbələr vətənpərvərliyə həsr olunan musiqi və şeir parçaları səsləndiriblər. Ağdam rayon 33 nömrəli tam orta məktəbin Teymur Məcidzadə adına 4-cü sinfinin şagirdləri “Cənab leytenant” musiqisini ifa ediblər.

Sonda kitabın müəllifi Könül Qurbanova çıxış edərək, Teymur Məcidzadəyə həsr etdiyi “Şuşada bitən yuxu” kitabının ərsəyə gəlməsindən danışıb. Kitabda şəhidin qısa lakin, şərəfli həyat və döyüş yolundan bəhs edildiyini, onunla bağlı maraqlı xatirələrin yer aldığını bildirib.

Təqdimatdan sonra iştirakçılar UNEC Muzeyində şəhidlər üçün yaradılmış guşə ilə və şəhid rəsmlərindən ibarət stendlə tanış olublar.


Xatırladaq ki, Teymur Məcidzadə 2020-ci il 9 noyabrda Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR