Bank Of Baku

Uşaqların rəqəmsal təhlükəsizliyi və zərərli asılılıqlardan qorunması müzakirə olunub

Uşaqların rəqəmsal təhlükəsizliyi və zərərli asılılıqlardan qorunması müzakirə olunub
# 09 iyun 2026 11:12 (UTC +04:00)

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib.

APA xəbər verir ki, Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, hazırda Milli Məclisdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsi uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunmasını ehtiva edir:

“Artıq dünyanın aparıcı ölkələri sosial şəbəkə platformalarının öz daxili qaydaları ilə yanaşı milli qanunvericiliklə də tənzimlənməsini, xüsusilə uşaqların qorunmasını, onların sosial şəbəkə platformalarına çıxışına yaş məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirir. Azərbaycanda da 16 yaşadək uşaqların sosial şəbəkə platformalarda hesab yaratmasına yol verilməməsi, 16-18 yaş arası uşaqların isə bunu valideyn icazəsi ilə edə bilməsi nəzərdə tutulur. Sosial şəbəkələrə aludəçiliyin hələ formalaşma dövründə olan, yetişən nəsil üzərində yan təsirlərindən hamımız əziyyət çəkirik. Qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklər məhz cəmiyyətin sosial sifarişidir”.

Tədbirin moderatoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir deyib ki, uşaqların zərərli təsirlərdən qorunması cəmiyyətin və dövlətin vəzifəsidir: “Bu gün az qala hər yerdə uşaqların əllərində mobil telefonlar var. Körpə balalarımızın gözləri zəifləyir, məktəb lövhələrindəki yazıları oxuya bilməyən nəsil yetişir, gözləri zəifləmiş bu balalar dərslərini necə yaxşı oxusunlar?! Ekran aludəçiliyi, yaşına uyğun olmayan məzmunla tanışlıq, nəticədə yaranan müxtəlif davranış pozuntuları, uşaqların sosial şəbəkələrdə neçə-neçə zərərli vərdişlərə mübtəla olması, uşaq intiharları bu gün cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdir. Biz hara gedirik? Həyəcan təbili çalmalıyıq. Bu gün bu mövzunu açıq danışmalıyıq. Dövlət tərəfindən uşaqların müdafiəsi gücləndirilməli, uşaqlar yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanmalı, sonrakı dövrdə isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə etməlidirlər. Nəhayət ki, bu məsələ Azərbaycanda da qanunvericiliyə gətirilir. Biz bunu alqışlamalıyıq”.

“Milli Pediatriya Dərnəyi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, pediatr Yalçın Mirzəyev sosial şəbəkə platformalarının fəsadlarının uşaqların sağlam inkişafına böyük ziyan vurduğunu qeyd edib: “Elmi ədəbiyyatda “brain reward system” və ya “reward circuitry” adlanan tibbi termin var. Bu “beynin mükafat sistemi” kimi anlaşılır. Sosial medianın ən vacib təsirlərindən biri məhz “beynin mükafat sistemi”ndən istifadə etməsidir: bəyənmələr, bildirişlər, qısa videolar və sonsuz məzmun axını dopamin ifrazını stimullaşdırır. Bu mexanizm bəzi davranış asılılıqlarında müşahidə olunan “mükafat sistemləri”nə bənzəyir. Nəticədə bəzi uşaqlar və yeniyetmələr istifadə müddətinə nəzarəti itirir, real həyatda vacib fəaliyyətləri ikinci plana keçirir və ekrandan ayrılmaqda çətinlik çəkirlər. Uzunmüddətli ekran istifadəsi göz yorğunluğu, miyopiya, davamlı baş ağrıları, qidalanma problemləri, eyni zamanda sedanter həyat tərzi və fiziki aktivliyin azalmasına bağlı obezite, diabet, onurğa deformasiyaları da yarada bilir. Hər gün onlarla uşaq və onların valideynləri ilə ünsiyyətə olan bir həkim olaraq, ailələrin də bir çox hallarda sosial şəbəkələr, kibertəhlükələr haqqında yetərli fərqindəliyinin olmadığını və qoruyucu tədbirlər mövzusunda məlumatsız olduqlarını görürəm. Uşaqlar ekranlarda alkoqol, siqaret, elektron siqaret və digər riskli davranışları təşviq edən məzmunlarla qarşılaşdıqda bu davranışları daha normal qəbul etməyə, istifadə etməyə meyilli olurlar”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət vəkili Azər Allahverənov uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin təfərrüatlarını açıqlayıb: “Sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açmaq istəyən hər şəxsin yaşının müəyyənləşdirilməsi üçün texniki üsullar tətbiq olunacaq. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Əgər Qanun qüvvəyə minən zaman 16 yaşdan aşağı şəxsin yaş məhdudiyyəti tətbiq olunan platformada hesabı varsa, onun istifadəsi mümkünsüz olacaq. Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Bu müddət ərzində aidiyyəti dövlət orqanı yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısını müəyyənləşdirəcək, yaş məhdudiyyəti tətbiq edilən platformalar yaşın müəyyənləşdirilməsi üçün rəqəmsal həllər tətbiq ediləcək. Qanun qüvvəyə mindikdən sonra platformalar 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişi məhdudlaşdıracaq və şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesablar və fərdi məlumatlar silinəcək”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib ki, uşaqların rəqəmsal təhlükəsizliyi ciddi məsələdir: “Sosial şəbəkə platformalarında özünə zərər verməyi təşviq edən məzmunların geniş yayılması, sosial təcrid hissi depressiv simptomların dərinləşməsi ilə intihar riski üçün əlverişli şərait yarada bilir. Biz uşaqların mənəvi həyatını, mənəviyyatını düzgün formalaşdırmalıyıq, onları yüksək dəyərlərlə tərbiyə etməliyik. Bəzi valideynlər sakitləşdirmə üçün uşaqlara oyuncaq əvəzinə smartfonları verirlər, bu da uşaqların danışıq qabiliyyətinin inkişafına, sonrakı illərdə isə oyunlara aludəçiliyə, xüsusən də yaşa uyğun olmayan oyunların yaratdığı psixi gərginliyə yol açır. Burada hər kəs öz məsuliyyətini dərk etməlidir”.

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri Nail Kəmərli vurğulayıb ki, uşaqların şəxsiyyət kimi formalaşmasında bilik, ailə, mühit böyük təsirə malikdir: “Etiraf etməliyik ki, biz övladlarımızı manipulyativ alqoritmlərin tüğyan etdiyi bir məkana hazırlıqsız buraxmışıq, onlar sosial şəbəkə platformalarının təzyiqi altındadır. Ailələr də bu işə çox vaxt səhlənkar yanaşır. Nə qədər uşaq var ki, məhz bu mühitdə özünü günün birində narkotik istifadəçisi, ekran aludəçisi kimi tapır. Biz cəmiyyət olaraq, hamımız bu problemin həllinə kömək etməliyik. Hesab edirəm ki, bu prosesə məhz dövlət müdaxilə etməlidir. Ona görə də bu qanun layihəsini hətta mən gecikmiş sayıram, biz bu məsələdə çevik olmalıyıq. Qanunvericiliyə edilən bu dəyişikliklər çox vacibdir”.

İctimai müzakirədə qeyd olunub ki, Fransa bu il uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18 yaş, İspaniyada 16 yaş, Fransada 15 yaş, ABŞ-da federal səviyyədə 17 yaş, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18 yaş, Kolorado, Corciya, Luizianada 16 yaş, Floridada 14 yaş yanaşmaları mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul etmiş və ya etməkdədir. Qazaxıstan, Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur.

QHT təmsilçiləri bildiriblər ki, uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Uşaqların, gənclərin düzgün milli, mədəni, əxlaqi dəyərlər əsasında sağlam, bilikli, inkişaf etmiş böyüməsi həm onların özlərinin, cəmiyyətin və dövlətin gələcəyi üçün mühümdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR