AzMİU-da referendumla bağlı maarifləndirici tədbir keçirilib

AzMİU-da referendumla bağlı maarifləndirici tədbir keçirilib
# 21 sentyabr 2016 15:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktıyla bağlı tələbələr və müəllimlərlə maarifləndirici xarakterli tədbir keçirilib.

AzMİU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, rektor, professor Gülçöhrə Məmmədova referendum aktının mahiyyəti, referendumda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. G. Məmmədova vurğulayıb ki, yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək niyyətindən irəli gəlir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini təbii proses adlandıran rektor qeyd edib ki, belə yanaşmalar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəlir. O, Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahat kimi dəyərləndirərək bildirib ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür.

Millət vəkili Hüseynbala Mirələmov tədbir iştirakçılarını referendumda fəal iştiraka çağırıb.

AzMİU-nun Ağsaqqallar Şurasının sədri, fəlsəfə elmləri namizədi Bəhram Avılov Konstitusiyaya edilən dəyişiklik və əlavələrin Azərbaycan dövlətinin konstitusion əsaslarının daha da möhkəmləndirilməsi, ölkəmizin rifahı, müstəqilliyi, insan hüquqlarının və azadlıqlarının daha yaxşı qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın gücləndirilməsi və yerli özünüidarəetmənin inkişafı baxımından zəruri olduğunu vurğulayıb.

Tədbirdə tələbələr də çıxış edərək, referendumla əlaqədar öz fikirlərinin bölüşüb, gəncləri sentyabrın 26-da referendum günündə aktiv olmağa səsləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR