APA-nın xəbərinə görə, forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır: “Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır”.
Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada tanınmasında gənclərin böyük rol oynadığını deyib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır: “Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir”.