Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Bakıda özəl klinikalardan birində əməliyyat nəticəsində ölən 25 yaşlı Şəhla Əliyevanın meyitinin ilkin müayinəsi aparılıb.
Birlikdən APA-ya verilən xəbərə görə, ilkin müayinə nəticəsində onda daxili qanaxma, şiş, tromb kütləsi aşkarlanıb. Ağciyər arteriyasının mərkəzində tromb kütləsi var: "Ekspertiza nəticəsində müəyyənləşəcək ki, bu, doğrudan da trombdur, yoxsa insan öləndən sonra damarda əmələ gələn adi qan laxtasıdır. Bütün bunlar laborator müayinələr nəticəsində məlum olacaq. Qadında şiş toxuması da olub, ona da baxılacaq. Şişin olduğu görünür, amma onun xoş və ya vəd xassəli olduğu məlum deyil. Baxılası və təyin ediləsi hələ çox məsələlər var".
Bildirilib ki, ekspert müayinələri davam edəcək, bu proses üç həftəyə yekunlaşacaq. Ölümün dəqiq səbəbləri ekspertizanın, laborator müayinənin nəticələrindən sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.