Coğrafiya İnstitutunun direktoru: “Xarici şirkətlərin iş gördüyü sahələrdə araşdırma aparmaq və ekosistemi öyrənmək mümkün olmur”

Coğrafiya İnstitutunun direktoru: “Xarici şirkətlərin iş gördüyü sahələrdə araşdırma aparmaq və ekosistemi öyrənmək mümkün olmur”
# 16 sentyabr 2014 10:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bakıda Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şurasının XVIII birgə sessiyası keçirilir. APA-nın verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasında akademik H. Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Xəzər dənizi regionunun coğrafi problemləri” mövzusunda keçirilən tədbir sentyabrın 20-dək davam edəcək.

 

Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və digər ölkələrdən 50-yə yaxın alim-mütəxəssisin qatıldığı tədbirdə 30-a yaxın alimin məruzəsi dinləniləcək.

 

AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov çıxışında iqlim dəyişmələrinin və antropogen yüklənmələrin Xəzər dənizinin ekosisteminə təsirindən danışıb. O qeyd edib ki, Xəzər hövzəsinə 130-a yaxın çay tökülür və eyni zamanda yaşayış və sənaye məntəqələrindən axan tullantılar dənizin çirklənməsinə, ekoloji sisteminin pozulmasına ciddi təsir göstərir. R. Məmmədov Xəzər hövzəsində ən çox çirklənmənin şimalda, Rusiya sularında olduğunu bildirib: “Külli miqdarda sənaye tullantıları ilə yanaşı, başqa böyük problemlər də var ki, iqlimin dəyişikliyinə ciddi təsir göstərib. Biz təkliflər verə bilərik ki, bu istiqamətdə işlər görülsün, problemlərin qarşısı alınsın. Azərbaycan tərəfdən çirklənmə nisbətən azdır. Əsasən Ermənistan ərazisindən axan çaylar vasitəsilə əvvəl Kür, sonra isə Xəzər dənizi sənaye tullantıları ilə çirklənməkdədir. Bu prosesi tənzimləmək üçün beynəlxalq müqavilələr də var, lakin yuxarı axarda olan tərəf də gərək məsələyə ciddi yanaşsın”.

 

Alim əlavə edib ki, Xəzər dənizində fəaliyyət göstərən xarici şirkətlərin iş gördüyü sahələrdə araşdırma aparmaq və ekosistemi öyrənmək istiqamətində ciddi çətinliklər var: “Xarici şirkətlər bizimlə əməkdaşlıq etmirlər. Onlar deyir ki, biz öz sahəmizi təmiz saxlayırıq, lakin məsələ bununla bitmir. Hövzənin vəziyyəti kompleks araşdırmalıdır. Sahil ərazilərdə əhalinin çoxalması Xəzərin faunasının da sürətlə tükənməsinə yol açır. Bu gün bütün Xəzəryanı ölkələr diqqətlərini Xəzər dəninin xilasına yönəltməlidir”.

 

Sessiya çərçivəsində qonaqlar üçün  Bakı şəhəri üzrə ekskursiya, eləcə də tanışlıq məqsədilə Xəzər dənizinin sahilyanı əraziləri və Böyük Qafqazın Şimal-Şərq yamacına marşrutlar təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR