“Nuru paşa Azərbaycana hökumətin rəsmi müraciətindən əvvəl, 1918-ci ilin mayında kiçik bir nümayəndə heyəti ilə gəlmişdi. Bunun da səbəbi martda törədilən qırğınlarla bağlı xəbər alması idi. Onun Azərbaycana ən böyük yardımı təkcə Bakını ingilislərdən azad etməsi deyil, həm də yerli hərbi hissələri yaratması oldu”. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, professor Ədalət Tahirzadə deyib.
Ədalət Tahirzadə Bakının azad olunmasını I Dünya Müharibəsinin nəticəsinə təsir edən hadisə adlandırıb: “Bakının azad olunması yalnız hərbi əməliyyat deyil, bu, həm də beynəlxalq siyasət və diplomatiya mövzusudur. Əslində, Bakının azad olunması Azərbaycanın müstəqilliyinin təmin olunması idi. Təəssüf ki, Nuru paşanın Azərbaycana gəlişini Nağı Şeyxzamanovun xatirələrindən öyrənirik və insanda belə təsəvvür yaranır ki, Nağı bəy olmasaydı, Qafqaz İslam Ordusu Qafqaza gəlməzdi. Əslində, Nağı bəyin görüşü 10-cu dərəcəli görüş idi. Buna qədər dünyada ciddi proseslər gedirdi, Trabzon və Batum konfransları olmuşdu, Zaqafqaziya respublikası yaranmışdı. Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində idi və sonradan yaranan üç müstəqil respublikanın taleyi burada həll olunurdu. I Dünya Müharibəsinin sonu idi. Artıq Osmanlı dövləti parçalanmışdı, Türkiyə fransızların, ingilislərin, italyanların və yunanların əsarəti altında idi. Sonra ingilislər İstanbulu da tutdular və demək olar k, sultanı əsir etdilər. Belə bir dövrdə Zaqafqaziya Seymi Brest-Litovsk sülhünü tanımadı. Amma Osmanlı Trabzonu, Ərzincanı, Qarsı aldı və bundan sonra Zaqafqaziya hökuməti Brest-Litovsk sülhünü tanımalı oldu. Lakin Osmanlı bununla razılaşmadı və Zaqafqaziya Seyminə daxil olan dövlətlərin müstəqilliklərini elan etməsini istədi. Osmanlı Batumu alandan sonra Batum konfransı öz əhəmiyyətini itirdi”.
Tarixçi professor həmin dövrdə Qafqazdakı vəziyyəti də təhlil edib: “Azərbaycandan başqa Seymə daxil olan iki dövlət, Fransa və İngiltərənin təhriki ilə Osmanlı ilə müharibə etmək istəyirdilər. Həmin vaxt Zaqafqaziya Seymində Məhəmməd Əmin Rəsulzadədən rəhbərlik etdiyi Azərbaycan fraksiyasının üzvləri İstanbula getdilər. Enis Şahinin “İstanbul və Batum konfransları” adlı kitabında bizim heyətin Türkiyə hökuməti ilə gizli görüşləri barədə məlumat var. Həmin görüşdə Azərbaycana hərbi yardım olunması barədə müraciət olunub. Mayın 26-da Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə Zaqafqaziya Seymi parçalandı. Mayın 28-də Azərbaycan müstəqilliyini elan etdi. Lakin Ermənistanın müstəqilliyini elan etməsi təxminən ilin sonuna qədər çəkdi. Çünki Ermənistanın paytaxtı yox idi və qətiyyən müstəqil olmaq və Rusiyadan ayrılmaq istəmirdi. Bundan sonra Türkiyə dövləti ayrı-ayrılıqda respublikalarla müqavilə bağladı. Bu, 1918-ci ilin iyun ayında oldu”.
Qonaq Nuru paşanın yeni qurulmuş Azərbaycan Cümhuriyyəti üçün gördüyü işlərdən danışıb: “Nuru paşa mayın 25-də artıq Gəncədə idi. Məsələ burasındadır ki, Nuru paşa qoşunla gəlməmişdi, onu nümayəndə heyəti müşayiət edirdi. Qoşun rəsmi müraciətdən sonra gəldi. Nuru paşanın Azərbaycana tez gəlməsinin səbəbi isə hələ Təbrizdə olanda mart qırğınları xəbərini alması idi. Nuru paşanın ən böyük missiyası o oldu ki, o zabitlər yetişdirdi, hərbi qüvvələr hazırladı”.
Ədalət Tahirzadə öz müqəddəratını həll etməyə çalışan Osmanlının həmin dövrdə Azərbaycana qoşun göndərmək istəmədiyini, lakin Ənvər paşanın təkidi ilə bunu etdiyini deyib: “Ənvər paşa Osmanlının baş komandan vəkili idi və sultanın kürəkəni idi. Mustafa Kamal Atatürk onu haqlı olaraq macəraçı hesab edirdi. Ənvər paşada həqiqətən Turançılıq ideyası var idi və bu macəraçı ideya idi. Dünyanın o durumunda Turan yaratmaq mümkün deyildi. Bunun sonu da Ənvər paşanın öz faciəsinə gətirib çıxardı. Artıq dünya Osmanlı dövlətinin I Dünya Müharibəsində məğlub olacağına əmin idi. Həmin dövrün türk və Avropa mənbələrinə görə, əslində Osmanlı dövləti Azərbaycana qoşun göndərmək istəmirdi. Amma Ənvər paşa belə düşünmürdü və türk millətinin birləşməsini istəyirdi. O, Şimali Qafqazın da Zaqafqaziya seymində təmsil olunmasını istəyirdi. Qoşunların Azərbaycana gəlməsi ilə bağlı son qərarı Ənvər paşa verdi və nüfuzundan istifadə edərək israrla bu qərarın üstündə durdu”.
Tarixçi Nuru paşanın Azərbaycanda qarşılanması və nüfuzu ilə bağlı maraqlı əhvalatı dilə gətirib: “Nuru paşanın şöhrəti bütün Azərbaycana yayılmışdı. Belə bir vaxtda bir nəfər azərbaycanlı özünün Nuru paşaya oxşarlığından istifadə edərək Gəncəyə gəlib özünü Nuru paşa kimi təqdim edir. Bütün əhali onu təntənə ilə qarşılayır. Lakin Gəncədəki Azərbaycan hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli tezliklə məsələni başa düşür və həmin adamı həbs etdirir. Lakin camaat Nuru paşanı elə çox istəyirdi ki, onu görmək üçün həbsxanaya gedirmişlər”.
Tarixçi kommunistlərin xatirələrində Qafqaz İslam Ordusunun Bakını azad etməsi barədə yazdıqlarını qərəzli hesab edir: “Əgər Qafqaz İslam Ordusu Bakını azad etməsəydi, hazırkı Ermənistan ərazisində, yəni bizim tarixi torpaqlarımızda əhalimizi qırıb qurtardıqları kimi, Leninin göstərişi ilə Şaumyan Bakıda da azərbaycanlı əhalini qırıb kökünü kəsəcəkdi. Məqsəd Bakı quberniyasını bütün müsəlman türk əhalidən təmizləmək idi. Biz bu günə görə Türkiyə Osmanlı dövləti və türk xalqı qarşısında mənəvi borcluyuq. Köhnə kommunistlərin yazdıqlarına görə, guya Osmanlı ordusu Bakıda qırğın törədib. Biz Pişəvəriyə hörmətlə yanaşırıq, lakin unutmayaq ki, o qatı kommunist idi. Müharibə gedirdi, Osmanlı qoşunu Bakıdakı qoşunla döyüşürdü. Bütün dünyada müharibənin qanunları var. Qoşun mühasirəyə aldığı şəhərə ultimatum verir. Əgər şəhər təslim olmayıb müqavimət göstərirsə və hücumla alınırsa, qoşun qarət etmək haqqına malikdir. Bu qanuna görə də üç gün ərzində Bakıda Osmanlı qoşununa müqavimət göstərən və silahını təhvil verməyən əhaliyə qarşı tədbir görüldü. Lakin bir faktı qeyd edim ki, Bakıda bir neçə türk əsgəri meydanda dar ağacından asılmışdı. Onların sinəsinə asılmış lövhədə bu əsgərlərin hansı döyüşlərdə iştirak etdikləri, qazi olduqları yazılmış, edam səbəbi kimi isə Bakıda bir erməninin evindən qanunsuz döşəkağı oğurlamaqları göstərilmişdi. Bakıda elə qayda-qanun yaradılmışdı ki, camaat zərgərlik mağazalarını açıq qoyub namaz qılmağa gedirdi. Çünki oğurluğa görə dar ağacından asırdılar. Türklər bütün Azərbaycanda qayda-qanun yaratdılar”.
Proqramda Azərbaycan tarixində dönüş yaradan 15 sentyabrın digər qəhrəmanlarının da adları çəkilib: “Bakının azad olunmasına strateji komandanlığı Nuru paşa edib, lakin əməliyyatı gerçəkləşdirən Mürsəl paşa olub. Ona görə də o özünə Mürsəl Baki paşa adını götürüb. Həmin döyüşlərdə Azərbaycan bayrağı altında Azərbaycan Cümhuriyyətinin də hərbi hissələri iştirak edirdilər. Həmin hissələrə Səməd bəy Mehmandarov rəhbərlik edirdi. Ondan əlavə, Əlağa Şıxlinski, Həmid bəy Qaydabaşı, general Həbib bəy Səlimov da Bakının azad olunmasında iştirak ediblər”.
Tarixçi həmin dövrdə Qafqaz İslam Ordusunun təkcə Bakıda deyil, Azərbaycanın hər yerində qayda-qanun yaratdığından, əhalini qırğından qurtardığından faktlarla danışıb: “Nuru paşa Azərbaycanın hər yerində ermənilər tərəfindən müsəlmanlara qarşı törədilən qırğınların qarşısını almaq üçün ordu hissələri göndərmişdi. Ədib bəyin rəhbərlik etdiyi hissə də Naxçıvana, Ordubada getmişdi. Vətən və millət xaini olan Əkrəm Əylisli öz kitabında onun adını Aduf bəy kimi təqdim edir. O ermənilərin bütün Azərbaycanda, o cümlədən də Naxçıvanda, Əylis kəndində törətdiyi qırğınlardan yazmır, kitabında bizim millətimizi söyür, təhqir edir”.