Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların nazirliyə müraciət imkanlarının genişləndirilməsi, hər bir müraciətin obyektiv və ədalətli şəkildə araşdırılması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar ayında 142 - “Çağrı mərkəzi”nə 5 352 ədəd müraciət daxil olub ki, onlardan 2 496 ədədi (46,6%) sosial təminat, 389 ədədi (7,2%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 285 ədədi (5,3%) məşğulluq, 2 182 ədədi (40,7%) əmək qanunvericiliyinə dair məsələləri əhatə edib.
Bununla yanaşı, nazirliyin qəbul otağında vətəndaşların nazir, nazir müavinləri, aparat rəhbəri və nazirliyin digər məsul şəxsləri tərəfindən qəbulu həyata keçirilir. Ötən ay nazirliyin qəbul otağına müraciət edən vətəndaşların sayı 898 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,5% azdır. Müraciətlərin 17,2%-i sosial təminat, 18,9%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 21,2%-i məşğulluq, 8,4%-i əmək qanunvericiliyi, 34%-i isə digər məsələlərlə əlaqədar olub.
Ötən ay qəbul otağına müraciət edən 19 nəfər vətəndaş nazir, 26 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, 853 nəfər vətəndaş isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib.
Habelə yanvar ayında nazir tərəfindən Abşeron rayonunda keçirilən vətəndaş qəbulu zamanı 4 rayon və şəhər üzrə 28 nəfər vətəndaş qəbul olunub.
ƏƏSMN-nin rəsmi “facebook” səhifəsi vasitəsilə də vətəndaşların ötən ay 86 müraciəti aidiyyəti üzrə cavablandırılıb.