Bakı. Könül Kamilqızı – APA. Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) uşaqlıq zamanı ən çox korluq səbəbi olan və yarımçıq doğulan körpələrdə rast gəlinən göz xəstəliyidir.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin VitreoRetinal göz cərrahı Tural Qəlbinur bildirib ki, bu xəstəliyə 32 həftədən tez və 1500 qr-dan az çəkisi olan yenidoğulmuşlarda rast gəlinir. O deyib ki, hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artmaqdadır: “Beş mərhələdə inkişaf edən ROP son mərhələdə geridönməz korluqla nəticələnir. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər. ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Belə ki, valideynlər uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görərək həkim-oftalmoloqa müraciət edirlər. Təəssüf ki, bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda geriyədönməz korluğun yarandığı aşkarlanır. Amma ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloq-retinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə olunub tam sağlam ola bilər”.