Bakı. Könül Kamilqızı - APA. Ötən gün İmişlidə baş verən zəlzələ həmin zona üçün xarakterikdir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, həmin zonada, Sarısu ətrafında, Saatlı, İmişliyə yaxın ərazilərdə zəlzələ ocaqları var. Onun sözlərinə görə, dünənki zəlzələdən sonra vəziyyət normaldır və qorxulu hal yoxdur: “Zəlzələlərin xırda-xırda və tez-tez baş verməsi daha yaxşıdır, nəinki sıxlığın toplanması nəticəsində sonda güclü zəlzələ baş verməsi... Həmin təkanda enerji boşalması gedir, gərginlik azalır və ərazi yenidən fon səviyyəsinə düşür”.
Q.Yetirmişli qeyd edib ki, son vaxtlar zəlzələlərin nisbətən tez-tez baş verməsinə baxmayaraq, bunu fəsillərlə heç bir əlaqəsi yoxdur.
Baş direktor vurğulayıb ki, zəlzələ ocaqları 10-15, bəziləri 40 km dərinlikdə yerləşir və yağışın, qarın ona heç bir aidiyyatı yoxdur: “Bizim bəxtimizə güclü və hiss olunan zəlzələlərin daha çox payızda baş verməsi düşüb. Amma digər ölkələrdə vəziyyət fərqlidir. Məsələn, Türkiyədə 1999-cu il avqustun 15-də güclü zəlzələ baş verib. Onun fəsillə heç bir əlaqəsi yoxdur. Qarşıdan qış mövsümü gəlir deyə, zəlzələrə görə hazırlıqların aparılması yanlış düşüncədir”.