Qusar. Vəli Turan - APA. Qusar şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılan komissiya üzvlərinin iştirakı ilə ticarət obyektlərində, pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reyd keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlara ərzaq məhsullarının qiymətlərinin qanuna müvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Qusar rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan 21 nəfərdən ibarət komissiya üzvləri qruplara bölünərək yoxlamalar aparır. Hazırda rayonda 50 kiloqramlıq un kisəsinin qiyməti 24 manat, 500 qramlıq çörəyin qiyməti isə 30 qəpikdir.
Reydlər mütəmadi davam etdiriləcək.