Azərbaycan Prezidenti: “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi”

Azərbaycan Prezidenti: “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi”
# 21 noyabr 2019 20:11 (UTC +04:00)

“Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir”. 
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib ki, Sumqayıtın qədim tarixi var, ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşıb: “1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular”.

Sumqayıtın yarandığı ilkin dövrlərdən söz açan Prezident İlham Əliyev həmin illərdə şəhərdə yaşanan ekoloji vəziyyətə də toxunub: “Əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.

Azərbaycan Prezidenti bildirib ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir: “1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR