Dövlət qulluqçusuna məzuniyyətə görə ödənilən müavinətlə əlaqədar qeyri-müəyyənliklər üzə çıxıb

Dövlət qulluqçusuna məzuniyyətə görə ödənilən müavinətlə əlaqədar qeyri-müəyyənliklər üzə çıxıb
# 13 aprel 2016 15:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Dövlət qulluqçusuna məzuniyyətə görə ödənilən müavinətlə bağlı qeyri-müəyyənliklər üzə çıxıb.

APA-nın məlumatına görə, bununla bağlı Hesablama Palatası Nazirlər Kabinetinə təkliflər təqdim edib.

Hesablama Palatası nəzərə çatdırıb ki, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli fərmanının birinci hissəsinə əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Əmək Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Həmin maddənin ikinci hissəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir. Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”nda birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Lakin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli Fərmanının birinci hissəsinə əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”nda orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya nəzərə alınmayan ödənişlərə aid edilib-edilməməsi konkret müəyyən edilməyib. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri göstərir ki, bu səbəbdən maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı bəzi hallarda nəzərə alınır, bəzi hallarda isə nəzərə alınmır. Göstərilənləri nəzərə alaraq Hesablama Palatası dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin məzuniyyətə çıxdığı zaman onun orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya alınmayan ödənişlərə aid edilməsi məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edib.

Digər məqam isə onunla bağlıdır ki, “Sosial sığorta haqqında” qanununun 14-cü maddəsinin ikinci hissəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Eyni zamanda, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli əərmanının 1-ci hissəsinə əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin dördüncü hissəsinin üçüncü bəndinə əsasən Milli Məclisin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər, dövlət qulluqçuları, əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün hesablanmış əmək haqqının 3 faizi miqdarında sosial sığorta haqqı tutulur. Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı, sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. Həmin maddənin birinci hissəsinin doqquzuncu bəndinə əsasən Azərbaycan qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin dövlət müavinəti hesab edilib-edilməməsi və həmin müavinətdən sosial sığorta haqqının tutulub-tutulmaması ilə bağlı fikir ayrılığı yaranır. Eyni zamanda yuxarıda göstərilən maddədən aydın olur ki, dövlət müavinətləri Azərbaycan Respublikasının Prezidentinin qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilir. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət həm Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən edilib, həm də dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri göstərir ki, maliyyə nəzarətinin obyektlərində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətdən sosial sığorta haqqı tutulması ilə bağlı vahid yanaşma mövcud deyil. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il 16 iyun tarixli 04/04-2427 nömrəli məktubu ilə dövlət orqanlarına müvafiq müavinətin ümumi qaydada məcburi dövlət sosial sığortasına cəlb edilməli olduğu bildirilib.

Hesablama Palatası göstərilənləri nəzərə alaraq qanunvericiliklə dövlət müavinətlərinə anlayış verilməsi məsələsinə və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətdən sığorta haqqının tutulub-tutulmaması məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR