“Dünən Prezident İlham Əliyev koronavirusla əlaqədar çox ciddi məsələlər qaldırdı. Birinci vitse-prezident Mehriban Əliyeva da dünən xalqa yenidən müraciət etdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O bildirib ki, xaricdə oturan və daxildə Ermənistanın səfiri vəzifəsini yerinə yetirən qüvvələr Azərbaycana qarşı yeni qarayaxma kampaniyasına başlayıblar: “İndi də iddia edirlər ki, sms vasitəsilə icazə müxalifəti izləmək üçün tətbiq olunur. Bütün dünyada bu gün bu təcrübədən istifadə edirlər. Onlar bu gün aşağı səviyyədə olmaqla yanaşı, iddia edirlər ki, vətəndaşların hüquqları pozulur. Bu gün Milli Məclisə seçilməyən insanlar fərqli çıxışlar edirlər. Halbuki buraya seçiləndə tamamilə başqa şey danışırdılar. Məsələn, Gürcüstanda sms qaydasını pozanlar 1000 lari cərimə olunur. Amma bu şəxslər iddia edirlər ki, Gürcüstanda demokratiya çiçək açıb, hətta çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də təklif edirəm ki, xalqı çaşdırmağa xidmət edən, dövlət əleyhinə yönələn informasiyalara görə ciddi ölçü götürülsün. Cəmil Həsənli “Facebook” səhifəsində arxivlərin açılması ilə bağlı məsələ qaldırıb. 1992-ci il arxivlərinin açılması ilə bağlı məsələ qaldırılanda buna imkan vermədilər. İndi Cəmil Həsənli 1992-ci ilə, 1993-cü ilə toxunmur, 1994-cü ilin arxivlərinin açılması ilə bağlı məsələ qaldırır. Sual olunur ki, bu gün Cəmil Həsənli hansı ölkənin kəşfiyyatına işləyir? Onun “Facebook” profilində bu suala cavab tapmaq olar”.