“Koronavirus aşkarlanmayan rayonlar var. Ancaq qonşu rayonlarda da koronavirus aşkarlanmazsa, yalnız o halda həmin zonanı “yaşıl zona” elan edə bilərik”.
APA-nın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, “yaşıl zona” bir rayondan asılı deyil: “Ən azı xəstəliyin iki inqubasiya dövrü və ətraf rayonlar nəzərə alınaraq, hansısa zonanı “yaşıl zona”, yəni koronavirusun olmadığı ərazi elan edə bilərik”.
Qeyd edək ki, hazırda Azərbaycan iki zonaya – “sarı” və “narıncı zona”ya bölünüb. “Sarı zona” 50-yə qədər, “narıncı zona” isə yoluxma sayı 50-dən çox olan ərazilər hesab olunur.