Nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə onlayn "B2G Forum" keçirilib

Nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə onlayn "B2G Forum" keçirilib
# 13 may 2020 13:11 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə onlayn “B2G Forum” keçirilib.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, forumda ölkənin informasiya-kommunikasiya texnologiyaları, eyni zamanda nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində COVID-19 koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin problemləri müzakirə olunub. Pandemiyanın istər informasiya-kommunikasiya texnologiyaları, istərsə də nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.

Nazir müavini çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib. Eyni zamanda söyləyib ki, bu dövr çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu sayəsində “Servis olaraq video-konfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. “Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz video-toplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər. “AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq video-konfranslarda davamlı və keyfiyyətli canlı bağlantı yaradılır, bulud texnologiyaları əsasında görüş keçirilir”.

Onun sözlərinə görə, Azərbaycanda İKT sektorunun ölkə iqtisadiyyatında rolu istənilən şəraitdə, eləcə də pandemiya dövründə çox önəmlidir.

Eyni zamanda Azərbaycanın tranzit imkanları və infrastrukturundan söz açan nazir müavini mövcud infrastrukturun yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR