Baş nazirin müavini 3 rayonda rəsmi məşğul əhalinin azlığından şikayətlənib    

Baş nazirin müavini 3 rayonda rəsmi məşğul əhalinin azlığından şikayətlənib    
# 26 iyul 2019 16:06 (UTC +04:00)

“Sahibkarlar da daxil olmaqla, qanuni əsaslarla formal əməklə məşğul olan əhalinin sayı 1 milyon 721 min 976 nəfər təşkil edir”.

APA-nın məlumatına görə, bunu bu gün Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən ikinci müşavirədə baş nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, bura kənd təsərrüfatı sahəsində məşğul olanlar daxil deyil: “Bunların 1 milyon 503 min nəfər muzdlu işçi, qalanları isə sahibkarlıqla məşğul olur. Bunun 1 milyon 36 min 484 nəfəri Bakı şəhərindədir. Ölkə üzrə formal məşğulluq bütövlükdə məşğul əhalinin 57,3 faizini təşkil edir. Bu göstərici o qədər də böyük göstərici deyil, məqsədimiz bu göstəricini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır. Bakı üzrə isə formal məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti ürəkaçandır. Bakıda formal, yəni rəsmi şəkildə məşğul işçilər bütövlükdə məşğul əhalinin 93,8 faizini təşkil edir”.

Baş nazirin müavini qeyd edib ki, regionlarda vəziyyət müxtəlifdir: “Məsələn, Ağcabədidə formal, yəni rəsmi məşğul əhalinin bütövlükdə məşğul əhaliyə nisbəti 61,60 faizə, Qəbələdə 52,2 faiz, Şəkidə 51,5 faiz, Xaçmazda 50,7 faiz, Abşeronda 50,6 faizdir. Bu rayonlarda göstəricilər 50 faizdən yüksəkdir. Digər rayonlarda isə bu göstərici 50 faizdən aşağıdır. Amma bəzi rayonlarda nisbət bizi qane etmir. Ən aşağı göstərici olan rayonların adlarını çəkəcəyəm. Amma bu o demək deyil ki, digər rayonlardakı göstəricilər bizi qane edir. Formal, rəsmi məşğul olan əhalinin bütövlükdə məşğul olan əhaliyə nisbətində ən aşağı göstəriciləri olan rayonlar Yardımlı rayonu (26,5 faiz), Qobustan (25,8 faiz), Hacıqabul (22 faiz) rayonlarıdır. Yüksək nəticəyə malik olmayan rayonlar bu vəziyyətdən müvafiq nəticə çıxarmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR