“AZAL hazırda təyyarə biletlərinin bahalaşdırılması barədə düşünmür”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
E. Hacıyev bununla belə qeyd edib ki, hazırda biletlərin qiymətləri barədə bir şey demək mümkün deyil: “Əvvəlcə uçuşlara başlamaq lazımdır. Uçuşlara başlandıqdan sonra real xərcləri biləcəyik. Bütün hava yollarının qorxduğu ən böyük məsələ hava limanlarının onlarda nə qədər əlavə hesab istəməsidir. Hava limanlarında sosial məsafənin gözlənilməsi, maskalardan istifadə kimi məsələlər hava limanlarının tutumunun aşağı düşməsinə gətirib çıxaracaq. Hava limanları da maksimum çalışacaq ki, bunu hava yollarının üzərinə qoysun. Ona görə hazırda bunu demək çox çətindir. Biz Azərbaycan Hava Yolları olaraq biletlərin bahalaşdırılması haqqında düşünməmişik”.