Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (263,9 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 2,5 faizi həcmində və ya 599,7 milyon manat vəsait yönəldilib.
APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.
Hesabatda qeyd edilib ki, funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) 2019-cu ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 139,8 milyon manatı və ya 41,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə (2018-ci illə müqayisədə 14,7 milyon manat və ya 11,8 faiz çox), 68,8 milyon manatı və ya 20,5 faizi digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə (2018-ci illə müqayisədə 24,9 milyon manat və ya 56,9 faiz çox), 66,6 milyon manatı və ya 19,8 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm xərclərinə, 60,6 milyon manatı və ya 18,1 faizi radio, televiziya və nəşriyyat xərclərinə (2018-ci illə müqayisədə 2,3 milyon manat və ya 4,0 faiz çox) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə xərclərdən əməyin ödənişinə 84,7 milyon manat (2018-ci illə müqayisədə 10 milyon manat və ya 13,4 faiz çox), malların (işlərin və xidmətlərin) satın alınmasına 37 milyon manat (2018-ci illə müqayisədə 3,5 milyon manat və ya 10,4 faiz çox), subsidiya və cari transfertlərə 119,5 milyon manat (2018-ci illə müqayisədə 25 milyon manat və ya 26,5 faiz çox), təqaüd və sosial müavinətlərə 0,9 milyon manat, digər xərclərə (sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri və yenidən qurulması, icarə xərcləri, bank xərcləri) 89,3 milyon manat, qeyri-maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər istehsal obyektlərinin alınması, bina və qurğuların tikintisi və s.) 4,4 milyon manat (2018-ci illə müqayisədə 1,3 milyon manat və ya 41,9 faiz çox) vəsait sərf edilib.
Mədəniyyət müəssisələrinin, o cümlədən Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyi binasının tikintisinə, Şabran rayonunda “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsinə, digər mədəniyyət obyektlərinin əsaslı təmiri və yenidən qurulmasına 7,2 milyon manat, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsinə 34,1 milyon manat, Milli Azərbaycan Tarixi Muzeyinin təmir-bərpa işlərinin layihələndirilməsinə 4,0 milyon manat, Böyük Qala küçəsində qəzalı vəziyyətdə olan memarlıq abidələrinin rekonstruksiya işlərinin aparılmasına 1,2 milyon manat, kütləvi informasiya vasitələri nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 6,5 milyon manat vəsait sərf edilib.