BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirib.
BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, qurum bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndirir: "Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.
ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.
Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik".