“Azərbaycanda 2008-ci ildə meşə ərazilərinin ümumi sahəsi 11,4 faiz idisə, hazırda meşə ərazilərinin ümumi sahəsi 12 faizdir. Yəni 0,6 faiz artım var”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, regionlarda vətəndaşlar tərəfindən meşələrin qırılması hallarına rast gəlinir, bəzən bu məsələdə vətəndaşlar meşə gözətçiləri ilə əlbir olur.
“Lakin biz qətiyyətlə mübarizə aparırıq. Bu cür hallar aşkarlananda həmin adamların əməyinə hüquqi qiymət verilir. Bəzi hallarda müdafiə və təhsil obyektlərinin odunla təminatı üçün meşələrin qırılması labüddür. Bu illik 70 min kubmetr həcmindədir. Bu sahədə sui-istifadə hallarına qətiyyən yol verilməməlidir”, - deyə H. Əlizadə vurğulayıb.