"Qəbələ" Fil Dişi Sahilindən hücumçu transfer edib

"Qəbələ" Fil Dişi Sahilindən hücumçu transfer edib
# 04 iyul 2019 22:13 (UTC +04:00)

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

APA-nın klubun saytına istinadən məlumatına görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

1991-ci ildə Abican şəhərində anadan olan Kristian futbola "Toumodi" klubunda başlayıb. O, 2007-ci ildə "Anderlext" Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə "Anderlext"dən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub.

Uğurlu oyunu ilə fərqlənən Kristian fransızların diqqətini çəkib və Fransanın "Tur" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) çalışan hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb.

Daha sonra Kristian Fransada "Kan" və "Nim" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR