Prezident: “Əsas vəzifəmiz həm koronavirusla bağlı vəziyyəti nəzarətdə saxlamaq, həm də pandemiyadan çıxmağı planlaşdırmaqdır”

Prezident: “Əsas vəzifəmiz həm koronavirusla bağlı vəziyyəti nəzarətdə saxlamaq, həm də pandemiyadan çıxmağı planlaşdırmaqdır”
# 12 may 2020 19:24 (UTC +04:00)

“Müasir sənaye potensialının inkişafı müasir kadrlar tələb edir. Bu gün gənclər məhz o təkanverici qüvvədir ki, müasir yanaşmanın, müasir sənayenin təşkilini təmin edirlər. Mən demişəm ki, bir çox ölkələr indi iqtisadi cəhətdən əziyyət çəkir, o cümlədən də biz”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşü olub: “Orada qeyd olundu ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə də yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

Dövlət başçısı deyib ki, iqtisadi göstəricilər bu ilin yanvar-fevral aylarında çox ümidverici olub: “Mən, sözün düzü, fikirləşirdim ki, biz bu ili rekord göstəricilərlə başa vuracağıq. Ancaq bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu. Amma buna baxmayaraq, - indi dedim ki, bir çox ölkələrin indi iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat tənəzzülə uğrayıb, - Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb - 0,2 faiz. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib.

O ki qaldı qeyri-neft sektorunun inkişafına, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu, görülmüş işlərin nəticəsidir. Məhz sənayeləşmə, yeni sənaye müəssisələrinin yaradılması, o cümlədən Sumqayıt şəhərində buna imkan verir. Ancaq hər kəs bilməlidir ki, bizim valyuta ehtiyatlarımız azalıb. İqtisadiyyatı yenidən canlandırmaq, iş yerlərini bərpa etmək üçün vaxt lazım olacaq. Ona görə biz indi 90 min ictimai ödənişli iş yeri yaradırıq, 80 min ailə dövlətdən sosial yardım alır, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailəyə lazım olan vasitələr verilir. Bütün bunları biz edirik ki, işsizlik artmasın. Ancaq bütün ölkələrdə işsizlik artıbdır, ən inkişaf etmiş ölkələrdə sürətlə artıb. Yəqin indi rəqəmlər göstərəcək ki, bizdə də artıb. Ona görə bizim bundan sonra əsas vəzifəmiz koronavirusla bağlı vəziyyəti həm nəzarətdə saxlamaqdır və həm də artıq pandemiyadan çıxmağı planlaşdırmaqdır ki, bu çıxış həm hamar, həm səmərəli olsun və biz iqtisadi fəallığı maksimum qısa müddət ərzində bərpa edə bilək. Ona görə indi bütün dövlət, hökumət qurumları bu üç istiqamətdə təkliflər hazırlayırlar. Hesab edirəm ki, biz buna da nail olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR