Bankların AMB-dəki müxbir hesablarının toplam qalıqları məcburi ehtiyatın həcmini üstələyib

Bankların AMB-dəki müxbir hesablarının toplam qalıqları məcburi ehtiyatın həcmini üstələyib
# 22 may 2020 11:12 (UTC +04:00)

Aparılmış monitorinqlərin nəticələrinə əsasən 2020-ci ilin yanvar-mart aylarında bankların Azərbaycan Mərkəzi Bankdakı (AMB) müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini üstələyib.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin dərc etdiyi "Pul siyasəti" icmalında deyilir.

2020-ci ilin I rübündə məcburi ehtiyat normaları dəyişməz saxlanılıb. Məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqi davam edib ki, bu da banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub.

Məlumatda deyilir ki, 2020-ci ilin I rübündə iqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli bazar əməliyyatlarını aktiv saxlayıb. Bank sisteminin likvidlik mövqeyindən asılı olaraq Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına tələb aylar üzrə fərqli olub.

"Rüb ərzində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 24 depozit hərracı keçirib. Hesabat dövrünün sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 682,4 mln. manat təşkil edib. Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi Bank 2020-ci ilin I rübündə 7 uzunmüddətli not hərracı keçirib. Bu hərracların 2-də 84 günlük, 3-də 168 günlük, 2-də 252 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna uzunmüddətli notlar vasitəsilə sterilizasiyanın toplam qalığı 322,3 mln. manat təşkil edib", - icmalda qeyd olunur.

Məlumatda bildirilir ki, mart ayından koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə makroiqtisadi sabitlik üzərində yaranmış təhdidlərinin qarşısının alınması və valyuta bazarında tarazlığın dəstəklənməsi üçün Mərkəzi Bank sterilizasiya alətlərinin müddətinə dair adekvat qərarlar qəbul edib. Sterilizasiya portfelinin durasiyası azaldılıb. Belə ki, 28 günlük depozit hərracları əvəzinə yalnız 14 günlük depozit hərraclarının keçirilməsinə, eyni zamanda 84, 168 və 252 günlük not hərraclarının əvəzinə yalnız 28 günlük notların yerləşdirilməsinə dair qərar qəbul olunub.

AMB-nin məlumatına əsasən, 2020-ci ilin I rübündə depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri tələb-təklif nisbətindən asılı olaraq dəyişib. Tələbin nisbətən azalması şəraitində rübün sonuna doğru depozitlər üzrə faizlər dəhlizin ortasına yaxın səviyyədə formalaşıb. Depozit cəlbi və notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı, bununla da pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir.

"Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlilik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər maliyyə alətləri üzrə faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir. Eyni zamanda Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində fəal istifadə olunmaqdadır", - deyə icmalda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR