Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
APA xəbər verir ki, dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Diqqətə çatdırılı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.
Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.
***
14.16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
APA xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.