Devid Dray: Bakının daha 3 rayonunda bərk məişət tullantılarının daşınması layihəsinə başlanacaq

Devid Dray: Bakının daha 3 rayonunda bərk məişət tullantılarının daşınması layihəsinə başlanacaq
# 12 mart 2020 10:57 (UTC +04:00)

Səkkiz aydan çoxdur paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

APA-nın məlumatına görə, layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray Bakıya gəlib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub. Görüşdən sonra Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində jurnalistlərə açıqlama verən Devid Dray bildirib ki, layihənin Bakıda sıfır mərhələsindən başlamasına baxmayaraq, əldə olunan ilkin nəticələrini uğurlu saymaq olar.

O qeyd edib ki, Londonda 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub: "Bakının Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olaraq son vaxtlarda 40 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb".

D.Dray onu da deyib ki, bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Nəsimi və Yasamal rayonlarının layihəyə cəlb edilməsi nəzərdə tutulur: "Sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur. Ümumilikdə işlərin 2022-ci ilə qədər yekunlaşacağı gözlənilir".

David Dray bir sıra çatışmazlıqların mövcud olduğunu da bildirib: "Bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması hallarıdır. Bunu isə geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb və bu məsələlər hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb".

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov isə bildirib ki, bununla bağlı rayonda bir sıra işlər görülüb: "Həmçinin ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 32 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlardan fəal istifadə edilir".

E.Həşimov deyib ki, şirkətin verdiyi məlumata görə, yanvar ayında keçirilən monitorinq bütün rayonu əhatə edib: "Monitorinqin nəticəsinə görə 37-41 faiz arası çeçidləmə faizi olub. Nərimanov rayonundakı pilot layihə artıq digər rayonlarda da keçirilmə ərəfəsindədir. Bugünkü monitorinqdə yenə də hansı ünvanlarla bağlı çatışmazlıqlar varsa, araşdırılacaq. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR