“Rusiyadan Azərbaycana vətəndaşlarımızın qayıdışı yalnız “Evə gedirəm” portalı ilə mümkündür. Bu portalda vətəndaşlarımızın qeydiyyatdan keçməsi lazımdır”.
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bu proses mərhələlərlə baş tutacaq.
“Ancaq xaricdən gələn vətəndaşlarımız mütləq karantin rejimindən keçməlidirlər. Bizim xaricdən gələnləri karantin zonasında yerləşdirmək üçün imkanlarımız həftədə 200-500 nəfərdir. Karantin zonasında bütövlükdə imkanlarımız genişdir, amma orada tək xaricdən gələnlər yerləşdirilmir. Karantin zonasında daxildə yoluxanlar, yoluxanlarla kontaktda olanlar, şübhə doğuran insanlar yerləşdirilir. Amma xaricdən gələnlərin karantin zonasında kvotası həftədə 200-500 nəfərdir. Amma bu 200-500 nəfərlik imkan tək Rusiyadan gələnlər üçün deyil. Türkiyədən, İrandan, Özbəkistan, Avropanın müxtəlif ölkələrindən gələnlər də var. Ona görə də mütləq qrafik yaradılır ki, karantin infrastrukturunun verdiyi imkanlar səviyyəsində xaricdən vətəndaşlarımız ölkəyə gətirilsin. Amma bu proses nəzarət altında olmalıdır. Buna görə də Rusiyadan “Evə gedirəm” portalında qeydiyyatdan keçməklə ölkəyə gəlmək mümkündür. Vətəndaşlarımız Rusiya ilə sərhədə yığışmalı deyildi, bu barədə insanlara məlumat verilib. Onlardan xahiş olunur ki, portalda qeydiyyatdan keçib öz növbələrini gözləsinlər”, - deyə İ. Məmmədov qeyd edib.
O, Rusiya-Azərbaycan sərhədinə toplaşanların sayı barədə məlumatlı olmadığını vurğulayıb.