Hikmət Babaoğlu: “Ciddi tədbirlər nəticə verib, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir”

Hikmət Babaoğlu: “Ciddi tədbirlər nəticə verib, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir”
# 16 mart 2020 23:55 (UTC +04:00)

“Cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür”.

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu deyib ki, koronovirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlığını və həyatını təhdid edir: “Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb. Səhiyyə sistemi ən güclü ola bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı effektiv mübarizə aparmaq mümkün olmur. Belə olan halda ölkəmizdə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır. Ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məsələlərdən biri koronovirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən öncə Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir”.

Millət vəkili qeyd edib ki, təhlükə ortaya çıxar-çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın yaradılması, tranzit yüklərin daşınmasında xüsusi qaydaların tətbiq edilməsi, önləyici tədbirlərə yardımçı olacaq tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verib və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir: “Şübhəsiz ki, bu istiqamətdə atılan əsas addımlardan biri də sosial şəbəkələrdə və internet resurslarında koronavirusla bağlı yayılan informasiya pandemiyasına qarşı aparılan mübarizə və görülən sərt tədbirlər oldu. Başlanğıcda ictimai panika və ajiotaj yaratmaq istəyənlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən edilən qəti xəbərdarlıqlar və görülən tədbirlər ən azı qoruyucu vasitələrin möhtəkirliyini edənlərə qarşı görülən tədbirlər qədər effektiv oldu və öz nəticəsini verdi. Əlbəttə, hazırda təhlükənin sovuşduğundan danışmaq tezdir. Ona görə də cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Biz bu ümumi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik .Hazırda dövlətimiz bir sıra ölkələrlə müxtəlif kommunikasiyalara məhdudiyyətlər qoyur və bunu məhz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün edir. Eyni zamanda ayrı-ayrı ölkələrdə olan vətəndaşlarımızın vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bütün bunla isə cəmiyyətimiz tərəfindən təqdirlə qarşılanır. Unutmaq olmaz ki, biz bu pandemiya təhlükəsindən ümummilli səylərlə və dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməklə qoruna bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR