“Premyer Liqanın bərpa olunmasını istəyirəm. Çünki mövsümün başa çatdırılması zamanı idman prinsipi pozulur”.
Bunu apasport.az saytına 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev deyib.
50 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünü bərpa olunmasının tərəfdarıdır. O, bunun çətin olacağını da qəbul edir: “Məlumdur ki, “Qarabağ” liderdir, ən yaxın izləyicisindən 8 xal öndədir. Amma futbolda hər şey mümkündür. Yəni “Neftçi”nin də çempionluq şansı hələ itməyib. Eyni zamanda, avrokuboklara iddia edən klublar var. Ancaq digər tərəfdən vaxt azalıb. Bundan sonra bərpa olunsa belə, həftədə 2-3 oyun keçirməlisən. Ardından fasilə olmayacaq, yeni mövsüm başlayacaq, avrokuboklar start götürəcək. Əvvəlcə bir neçə həftəlik məşq olmalıdır, birdən-birə sıx təqvimdə oynamaq futbolçuların zədələnmələrinə səbəb ola bilər. Çox nüanslar var, yəqin ki, AFFA-da bu barədə fikirləşirlər”.
Abdullayev mövsümün vaxtından əvvəl başa çatdırılmasının istənilən halda narazılığa yol açacağını düşünür: “Əslində çempionatda elə də çox oyun qalmayıb. Həmin matçları keçirmək olar. Görüşlərin keçirilməsini ən çox ona görə istəyirəm ki, söz-söhbət olmasın. Çünki qalan oyunlar keçirilməsə, hansısa komandanın uğuruna kölgə salanlar olacaq. Avrokuboka vəsiqə qazanmayanlar deyəcəklər ki, bizim də şansımız var idi, qoymadılar. Mövsümün idman prinsipinə uyğun yekunlaşmasının tərəfdarıyam. Ancaq düşdüyümüz durum da göz önündədir. Bu vəziyyətdən çıxmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX turdan sonra - martın 13-də dayandırılıb.