Bu ilin sentyabr ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti 103%-ə çatıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında deyilir.
Sentyabrda OPEC ölkələri sözügedən razılaşma çərçivəsində öhdəliklərin 106%-ni, qeyri-OPEC ölkələri isə 99%-ni yerinə yetirib.
"Pandemiya ilə əlaqədar dünyada yeni məhdudlaşdırıcı tədbirlər neftə olan tələbatın canlanması gözləntilərini azaldır. Tələbatın yaxşılaşması perspektivi kövrək olaraq qalır və yeni məhdudlaşdırıcı tədbirlər sayəsində IEA bu ilin III rübündə neftə olan tələbatın bərpa olunma proqnozunun gündəlik 200 min barel azaldıb", - hesabatda qeyd edilib.
Qeyd edək ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkalıq xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə (101,5%) yerinə yetirib.
"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.