Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə dəyişiklik edilib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməyə borclu sayılır.
İndiyə qədər şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə sadəcə mətbu orqanda dərc etdirməyə borclu sayılırdı. Beləliklə, cəmiyyət artıq hesabatı auditor rəyi ilə birlikdə internet səhifəsində dərc edəcək.
Eyni zamanda, Cəmiyyət mühasibat uçotunu təşkil edəcək, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rüblük və illik maliyyə hesabatlarına baxacaq, icmallaşdıracaq, illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edəcək və təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Agentliyə təqdim edəcək.
İndiyə qədər Cəmiyyət mühasibat uçotunu təşkil edir, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) tərtib edir və təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Agentliyə təqdim edirdi.