Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə ümumilikdə 2,3 mln. nəfərə sosial təminat növləri üzrə ödənişlər edilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 1,270 mln. nəfərinə pensiya, 418 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd ödənilib. Həmçinin 82,3 min ailə üzrə 342 min ailə üzvünə aprel ayı üzrə ünvanlı sosial yardım ödənişi həyata keçirilib.
Qeyd edilən istiqamətlər üzrə aprel ayında sosial ödəniş alanların sayı ötən ilin aprel ayı ilə müqayisədə 7% və ya 154 min nəfər çox olub.
Həmçinin aprel ayında həmin sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 480 mln. manatdan artıq vəsait xərclənib ki, bu da ötən ilin müvafiq göstəricinə nisbətən 27% və ya 103 mln. manat çoxdur.