2025-ci ilədək OTT (“Over the Top” – real vaxt rejimində media məzmunu çatdırma texnologiyası – red.) bazarının gəliri iki dəfə artaraq 167 mlrd. ABŞ dollarına çatacaq.
“APA-Economics”in “Telesat News”a istinadən verdiyi məlumata görə, bu barədə “Digital TV Research” analitik şirkətinin apardığı araşdırmada qeyd olunur.
Araşdırmada bildirilir ki, 2019-cu ildə bu bazarın gəliri 83 mlrd. dollar səviyyəsində olub, 2020-ci ildə isə 16 mlrd. dollar artacağı gözlənilir. Nəticədə məbləğ 99 mlrd. dollara bərabər olacaq.
Hesabatda qeyd olunur ki, SVoD (“Subscription Video on Demand”) texnologiyası OTT-nin aparıcı qüvvəsi olacaq qalacaq – onun bazar payı 58% təşkil edəcək. Bu texnologiyanın 2019-cu illə 2025-ci il arasında gəliri 50 mlrd. dollar artaraq 98 mlrd. dollara çatacaq.
2025-ci ilədək 54 mlrd. dollar gəliri ilə ikinci yerdə mövqeyini AVoD (“Advertising Video on Demand”) texnologiyası möhkəmləndirəcək ki, bu 2019-cu ilin göstəricisini iki dəfə üstələyəcək.
Dünya gəlirlərinin üçdə ikisi 5 ölkə arasında bölüşdürüləcək. Proqnozlaşdırılan 167 mlrd. dollardan 2025-ci ildə ABŞ-ın payına 68 mlrd. dolları düşəcək (2019-cu ilə nisbətən 33 mlrd. dollar çox). Bu ölkə ən böyük bazar olaraq qalacaq.
Çin ikinci olacaq. Analitiklər Çinin payını əhəmiyyətli dərəcədə artıracağını proqnozlaşdırır.
Mütəxəssislər əmindir ki, yaxın 5 ildə 19 ölkədə OTT platformasının gəlirləri 1 mlrd. dolları keçəcək.